"Münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.
"ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə M. Zaxarova qeyd edib.
M. Zaxarova bildirib ki, münaqişə tərəflərindən gələn məlumatlara görə, iyulun 4-də axşam qoşunların təmas xəttində növbəti dəfə atəşkəs rejimi pozulub.
"Nəticədə insan itkisi olub. itkilər arasında dinc sakinlər, uşaq var. Həlak olanların yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, qan tökülməsi qəbulolunmazdır. Tərəfləri vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq", - deyə XİN sözçüsü vurğulayıb.
“Rusiya Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi məsələsini xüsusi nəzarətdə saxlayır ki, vəziyyət gərginləşən an münaqişə tərəflərini sülh prosesinə geri qaytarsın”. Trend-in məlumatına görə, bunu da M.Zaxarova deyib.
Onun sözlərinə görə, iyul ayının 11-də Vyanada ATƏT XİN Şurasının qeyri-rəsmi görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişə tərəflərinin xarici işlər nazirləri ilə görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.