İranın şimal-qərbində aramsız yağan leysan yağışları dörd əyalətdə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Baki-xeber.com-un əldə etdiyi məlumata görə, fəlakət nəticəsində azı 35 nəfər həlak olub. Böhran İdarəetmə Təşkilatının rəhbəri Esma'eel Nəccar şənbə günü bildirib ki, sel və daşqınlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərinin ərazilərində baş verib.
PressTV-nin xəbərinə görə, Nəccar 16 nəfərin itkin düşdüyünü bildirib. Hazırda ərazidə aparılan axtarış və xilasetmə işlərində hərbi və hüquq-mühafizə qüvvələrindən də yardım istənilib.
İranın Qırmızı Aypara Cəmiyyətinin Axtarış və Xilasetmə Şöbəsindən Şahin Fəthi İSNA agentliyinə bildirib ki, 33 şəhər və kənddə azı 1150 nəfərə yardım göstərilib. O qeyd edib ki, 133 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 15 nəfər təhlükəsiz ərazilərə köçürülüb, 6 nəfər isə tibb mərkəzlərinə aparılıb. Məlumatlara görə, ən çox insan itkisi Şərqi Azərbaycan əyalətinin Azər-Şəhr və Əcəb-Şir dairələrində baş verib. Kürdüstan əyaləti isə həm daşqınlara, həm də torpaq sürüşmələrinə məruz qalıb.