Avropa Parlamentinin dəvətilə 9 aprel tarixindən Belçikada işgüzar səfərdə olan Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti səfərin sonuncu günündə də bir sıra görüşlər keçirib və müzakirələr aparıb.
Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov da iştirak edib.
Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri xanım Anna Fotiqa ilə keçirilən görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionda sülh və sabitliyin təmin olunmasına maneə törətməsi və Avropa İttifaqının regionda sülhün təmin olunmasında daha fəal rol alması ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətimiz, həmçinin, AP üzvləri xanım Sandra Kalniete, cənab İvo Vayql, cənab Knut Flenkenştayn və xanım Heydi Hautala ilə də görüşlər keçirib, parlamentlərimiz arasında əməkdaşlığın mövcud durumu və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.
Nümayəndə heyətinin Brüsselə səfəri başa çatıb.
Xəbər xidməti