İcra başçısı: "Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb"
Bakının “Sovetski” adlanan ərazisində sökülən məscidlərin əvəzinə yeni məscidlər tikiləcək. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, həmin məscidlərin əvəzinə "Sovetski" adlanan ərazidə yer müəyyən edilib yeniləri tikiləcək: "Sökülən məscidlər çox köhnə, yararsız vəziyyətdədir, eyni zamanda qeydiyyatı yoxdur. Orada özünüz də baxsanız görərsiniz ki, məscidlər yararsız vəziyyətdədir”.
Dövlət Komitəsinin sədri bildirib ki, bəziləri məsələdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə də “Sovetski” adlanan ərazidə çəkilməsi nəzərdə tutulan yolun üzərinə düşən iki məscidin danışıqlar yolu ilə sökülməsi barədə məlumatlara münasibət bildirib.
A.Paşazadə ümumiyyətlə məscidlərin sökülməsinə tərəfdar olmadığını bildirib: “Sökülməsi nəzərdə tutulan məscidlərin heç biri bizim qeydiyyatımızdan keçməyib. Mən o məscidlərin yerini də tanımıram. Söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, mən bunun tərəfdarı deyiləm, ancaq elə şeylər var ki, xalq üçün əhəmiyyətli işlər görülərsə, məsələn, yol çəkilərsə, danışıqlar yolu ilə bu işlər həyata keçirilə bilər”.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, "Sovetski"dəki "Hacı Cavad" məscidinin söküntüsü dayandırılıb”. İ. Mehdiyevin sözlərinə görə, icma üzvlərinə məsləhət görülüb ki, ölkə rəhbərliyinə müraciət etsinlər: "Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb. Sadəcə, insanlar burada ibarət edirlər".
İ. Mehdiyev qeyd edib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda "Sovetski" adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir: "Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Onu da qeyd edim ki, belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.