İyunda Azərbaycan və Polşa prezidentlərinin görüşü olacaq
“Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”. Baki-xeber.com-un Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşü zamanı deyib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.
“Azərbaycan prezidenti İlham Əliyevlə Polşa prezidenti Anjey Duda arasında iyun ayında görüş olacaq”. Bu barədə Polşanın xarici işlər naziri Vitold Vaşçikovski azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Polşada görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Ümid edirəm ki, bu görüş siyasi, iqtisadi və hərbi əməkdaşlığı yenidən bərpa edəcək. Əməkdaşlığımız üçün böyük potensialımız var”, - deyə XİN rəhbəri bildirib.
V. Vaşçikovski qeyd edib ki, Azərbaycanla Polşa arasında münasibətlər illər əvvəl inkişaf edib, lakin sonradan donub: "Bu gün biz bu münasibətləri yenidən bərpa etməyin yollarını axtarırıq. Ümid edirəm ki, bu görüş siyasi, iqtisadi və mədəni əməkdaşlığın başlanğıcıdır. Azərbaycan bizim üçün maraqlı tərəfdaşdır”.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa seyminin sədri Marek Kuçinski ilə də görüşüb. XİN-in mətbuat xidmətindən Baki-xeber.com-a verilən məlumata görə, M. Kuçinski Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Görüşdə qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və Polşa prezidentlərinin hamısı Bakıda olub.
M. Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd edib.
Nazir E. Məmmədyarov isə Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir M. Kuçinskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açıb. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.