"...Hər hansı başqa bir hökumət olsaydı..."
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin üç aylıq yekun iclası keçirildi
Aprelin 10-da Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il bizim üçün uğurlu il olacaq. Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risqlərin yarandığını təəssüflə qeyd edərək, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü deyib.
Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını bildirərək, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan Prezident İlham Əliyev bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Minsk Qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Dövlət başçısı vurğulayıb ki, ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Dövlət başçısı vurğulayıb, ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib.
Azərbaycanın gündən-günə gücləndiyini deyən və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma "referendum"u qeyd edərək, bu "referendum"u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğulayıb. "Dərhal qonşu ölkələr, Minsk Qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu "referendum"u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm "referendum"u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu", - deyən dövlət başçısı məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd edib. Prezident İlham Əliyev əminliklə bildirib ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs oldu.
Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlət başçısı bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd edib. Vurğulayıb ki, bu bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir. Bununla yanaşı, bu bir daha göstərir ki, 20 ildən çoxdur doğma yurdundan didərgin düşmüş insanlar öz evlərinə qayıtmaq arzusu ilə yaşayır.
Prezident İlham Əliyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, bu il də köçkünlər üçün yeni qəsəbələr salınır. Onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək. Bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcək. Bu prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq hazır binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün bu məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır və Azərbaycan bu potensialı yaradıb. Bunu 2017-ci ilin birinci rübünün yekunları da göstərir.
İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını, bitkiçiliyin 20 faizdən çox artdığını bildirib. Birinci rübdə valyuta ehtiyatlarımızın 1 milyard dollar səviyyəsində artdığını və bu gün valyuta ehtiyatlarımızın 38,5 milyard dollar təşkil etdiyini deyən dövlət başçısı bunu önəmli məsələ adlandırıb. Bu ilin 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız təxminən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir.
Bu göstəricilərin iqtisadi inkişafımızı aydın əks etdirdiyini, gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyimizi deyən Prezident İlham Əliyev birinci rübdə 85 min yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılmasının təkcə dövlət sektorunda deyil, özəl sektorda da davam etdiyini, özəl sektorda 40 mindən çox yeni iş yerinin yaradıldığını deyən dövlət başçısı bunu iqtisadi inkişafın təzahürü adlandırıb.
Bu il "Cənub Qaz Dəhlizi" ilə bağlı önəmli hadisə kimi Bakıda artıq üçüncü dəfə keçirilən Məşvərət Şurasının iclasını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu iclasın yekunu olaraq ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub. Bildirib ki, "Cənub Qaz Dəhlizi"nin tezliklə istifadəyə verilməsi həm bizim, həm layihədə iştirak edən, həm də gələcəkdə bu layihədən xeyir götürəcək ölkələr üçün önəmlidir.
Prezident İlham Əliyev nəqliyyat sektorunda da bu ilin əvvəlində yaxşı nəticələrin qeyd edildiyini bildirib, Astaraçay çayı üzərindən keçən körpü vasitəsilə mart ayında Azərbaycandan İrana birinci qatarın yol salındığını diqqətə çatdırıb, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin də bu il istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyib.
Dövlət başçısı bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərində 25 faiz artımın olduğunu qeyd edərək, bunu Azərbaycanda mövcud olan sabitlik, yaradılan müasir infrastruktur, ölkəmizdəki 6 hava limanı, gözəl yolların, otellərin inşası, müalicəvi turizmin inkişafı ilə əlaqələndirib. Bildirib ki, 3 ay ərzində "ASAN viza" xəttilə 40 min viza verilib. Səksəndən çox ölkə vətəndaşı elektron vizalar alır. Bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyən Prezident İlham Əliyev gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib və bunun böyük idman bayramı olacağını vurğulayıb.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış edib.
İclasa yekun vuran Prezident İlham Əliyev 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsini önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir. Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlət başçısı valyuta ehtiyatlarımızın xarici borcumuzdan 5 dəfədən çox olduğunu bildirərək, bunu yaxşı nəticə adlandırıb. Diqqətə çatdırıb ki, bu il inşaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir. Bakıda 300-dən çox yeni çoxmərtəbəli bina tikilir və minlərlə yeni iş yeri yaradılır. Paytaxtın müxtəlif yerlərində müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür, həmin binalarda yaşayan vətəndaşlara ya kompensasiyalar ödənilir, yaxud da kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu prosesin artıq geniş vüsət aldığını, mikrorayonlarla bağlı da layihənin icra ediləcəyini deyən Prezident İlham Əliyev binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsini tapşırıb və bu yolla da uşaq bağçası probleminin həll ediləcəyini bildirib.
Prezident İlham Əliyev sənaye istehsalı və kənd təsərrüfatı sahələrini prioritet sahələr adlandırıb. Rayonlarda sənaye zonalarının yaradıldığını deyən dövlət başçısı kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpağın suvarılmasının nəzərdə tutulduğunu, yeni zavodların istifadəyə veriləcəyini qeyd edib və görüləcək işlərin bu sahədə artıma səbəb olacağını vurğulayıb.
Qeyri-neft sektorunun istehsal etdiyi məhsulların ixracı ilə bağlı məsələyə toxunan dövlət başçısı Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini qeyd edib. Bu istiqamətdə xarici mediada reklam kampaniyalarının aparılmasının, yeni ixrac bazarlarına çıxışın təmin edilməsinin, logistika mərkəzlərinin yaradılmasının vacibliyini bildirən. Prezident İlham Əliyev deyib ki, il ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşdırma, içməli su, yolların inşası layihələridir. "Sovetski" adlanan ərazinin abadlaşacağını, yeni gözəl istirahət məkanının yaradılacağını qeyd edən dövlət başçısı sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu deyib. Bu ilin birinci rübündə 13 tibb müəssisəsi də tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.
Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanmasının vacibliyini bildirən dövlət başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır. Bu il Quba və Mingəçevirdə "ASAN xidmət" mərkəzlərinin açılacağını deyən Prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırıb.
Sonda dövlət başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanmasının vacibliyini vurğulayıb.
Prezident müşavirədə bu fikirləri xüsusi qabartdı
Dövlət başçısı qeyd edib: "Biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu".
Azərbaycan Prezidenti vurğulayıb ki, idxalın azalması, ixracın kəskin artması ölkənin iqtisadi sabitliyini təmin edir: "Bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir".
İlham Əliyev əmin olduğunu bildirib ki, il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bunun çox önəmli məsələ olduğunu vurğulayan Prezident deyib: "Hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəridir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz, təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız, əlbəttə ki, bizim üçün başqa seçimi diqtə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi".
Prezident bununla bağlı çox operativ tədbirlərin görüldüyünü, iqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımların atıldığını, biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunların qəbul edildiyini diqqətə çatdırıb: "Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin, demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirir. Biz isə artırırıq".
Prezident beynəlxalq aləmə DQ probleminin həllinin sürətini artırmaq üçün daha bir konkret formul göstərdi
Dağlıq Qarabağda qondarma "referendum"un keçirilməsi ilə Ermənistan özünü bir daha biabır və ifşa etdi. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı qeyd edib: "Mən bir dəfə demişəm və bir daha demək istəyirəm ki, onlar orada nə qədər çox qanunsuz "referendum" keçirsələr, bu bir o qədər çox bizim xeyrimizə işləyir. Çünki bütün qonşu ölkələrimiz, Minsk Qrupuna həmsədrlik edən ölkələr, Avropa İttifaqı və bir çox ölkələr dərhal bu "referendum"u pislədilər. Bəyan etdilər ki, bu "referendum"u tanımırlar və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
Prezident vurğulayıb ki, Minsk Qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə status-kvonun qəbuledilməz olduğunu bəyan edib. Dövlət başçısı əlavə edib ki, bu, əslində işğala son qoyulması deməkdir. Ermənistana, onun işğalçı siyasətinə Minsk Qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar: "Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Mən bütün beynəlxalq təmaslarda qeyd edirəm ki, bu məsələdə heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Çünki bəzi hallarda biz bu ikili standartlarla üzləşirik. Postsovet məkanında mövcud olan münaqişələrə bəzən daha böyük diqqət göstərilir, yaxud da ki, o münaqişələrin həlli ilə bağlı daha dəqiq ifadələr işlənilir".
Prezident Əliyev bu il bütün hədəflərə çatacağımıza söz verdi
"Biz bu il bütün hədəflərə çatacağıq. İlin birinci rübünün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülüb, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır".