Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı tərəfindən aprel döyüşlərinin ildönümü münasibətilə Gənclərin Zəfər yürüşü təşkil edilib.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən məluata görə, aprelin 6-da ali təhsil müəssisələri tələbələrinin, idarə, müəssisə və digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə yürüş keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş böyük gənclər izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək Vətənə, Bayrağa və Xalqımıza olan ehtiram və sevgilərini bildirib. Yürüşdə 5 minə yaxın gənc iştirak edib. Dövlət Bayrağı Meydanında orkestrin ifasında Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə rayonda yerləşən ali təhsil müəssisələri - Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri daha fəal iştirak edib. Xüsusilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsi tələbələrinin daşıdığı böyük Azərbaycan bayrağı izdihamlı yürüşə xüsusi rəng qatıb. Yürüşdə iştirak edən Nəsimi rayon gəncləri tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminliklərini bildiriblər.