Suriyada Əsəd ordusunun dinc sakinlərə qarşı kimyəvi silah tətbiqinin ardından ABŞ HHQ Suriyanın Şayrat hərbi bazasını raket atəşinə tutub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə SANA agentliyi özünün hərbi mənbələrinə istinadən xəbər yayıb. Mənbə hücum nəticəsində ölənlərin olduğunu deyib. “Al Jazeera” telekanalı isə aviabazada yaralananların Homs vilayətinə evakuasiya edildiyini xəbər verib. Vilayətin valisi Tələt əl-Bərrazi ərazidə çıxan yanğının söndürülməsi üçün qüvvələrin səfərbər olduğunu bildirib.
“Sky News Arabia” isə ABŞ-ın Homsdakı hərbi bazaya 70 “Tomahawk” qanadlı raketi atdığını xəbər verib. Xatırladaq ki, aprelin 4-də Əsəd ordusu İdlibə kimyəvi silahla hücum edib, nəticədə yüzlərlə dinc sakin həlak olub. ABŞ rəhbərliyi kimyəvi hücumun məhz sözügedən hərbi bazadan gerçəkləşdirildiyini güman edir.