Sankt-Peterburqda metroda terror aktı törədən intiharçının şəxsiyyəti müəyyənləşdirilib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, onun Orta Asiyadan olduğu və Suriyadakı terrorçularla bağlılığı dəqiqləşdirilib. İstintaqın gəldiyi qənaətə görə, intiharçı partlayıcı qurğunu ya qarın nahiyəsinə bağlanmış vəziyyətdə, ya da belindəki çantada işlək hala gətirib. Bu qənaətə gəlməyə isə yaxınlıqdakıların aldığı xarakterik xəsarətlər əsas verir. Hadısə yerində digər həlak olanların da bədən fraqmentləri aşkarlanıb. Xəbərdə o da bildirilir ki, əldədüzəlmə partlayıcı qurğunun içərisi dağıdıcı effekt verəcək elementlərlə - metal kürəcik və “qayka”larla doldurulmuş olub.
Xatırladaq ki, aprelin 3-də axşam saatlarında Sankt-Peterburq metrosunda intiharçı vasitəsilə terror aktı törədilib. Eyni saatlarda metronun digər stansiyasında da analoji partlayıcı qurğu aşkarlanıb.
Hadisə ilə bağlı Rusiyada 3 günlük matəm elan olunub.