Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində yaralananların ilkin siyahısı açıqlanıb. APA-nın Life.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda siyahıda 16 nəfərin adı var.
Onlardan biri 28 yaşlı Zaur Vəliyevdir.
Onun azərbaycanlı olduğu təsdiqlənib. Bu barədə Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyev məlumat verib. O, yaralının 28 yaşlı Zaur Vəliyev olduğunu söyləyib.
E. Həmzəyev həmyerlimizin Peterburqun İ.Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasına yerləşdirildiyini bildirib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Zaur Vəliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Peterburqdakı Azərbaycan diasporunun nümayəndəsi Elşən Həmzəyevin sözlərinə görə, həmyerlimiz Zaur Vəliyev hazırda Peterburqun İ.İ Canelidze adına elmi-tədqiqat institutunun təcili tibbi yardım xəstəxanasının cərrahiyyə şöbəsindədir.
"Həkimlərin verdiyi məlumata görə, Z. Vəliyevin huşu yerindədir. O, həkimlərlə danışıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər" - deyə diaspor nümayəndəmiz bildirib.
Elşən Həmzəyev həmyerlimizin Peterburq sakini olmadığını, Oryol şəhərindən gəldiyini də söyləyib.
Qeyd edək ki, dünən günorta saat 14:40 radələrində Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.
Bundan başqa MAK Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı quröu aşkarlıyıb. Partlayıcı zərərsizləşdirilib.
Rusiya Milli Antiterror Komitəsinın açıqladığı son məlumata görə, terror aktı nəticəsində 11 nəfər olüb, 45 nəfər isə yaralanıb.
Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Fakta bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Sankt-Peterburq rəhbərliyi şəhərdə 3 günlük matəm elan edib.