Nəsimi Rayon İcra Hakimiyyəti 2016-cı ilin aprel döyüşlərinin ildönümü münasibətilə C.Naxçıvanski adına hərbi liseydə “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirib.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, tədbirdə C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə C.Naxçıvanski adına hərbi liseyin rəis əvəzi polkovnik Elman Namazov çıxış edərək, hərbi liseyin yaranması tarixindən, hərbi liseyin yetirdiyi zabit kadrlardan və onların Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb. Qeyd olunub ki, hərbi liseyin 10 məzunu və 1 zabiti Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb. O cümlədən aprel döyüşlərində də hərbi liseyin məzunları torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstərib.
Hərbi liseyin 3-cü kurs kursantı Xəzər Nəsirli çıxış edərək tədbirin təşkilinə görə Nəsimi rayon İcra Hakimiyyətinin və hərbi liseyin rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, özü və kursant yoldaşları hər an Vətənin müdafiəsinə hazırdır.
Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək 2016-cı ilin aprel döyüşlərini xatırlayıb. Bildirib ki, həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Onun sözlərinə görə, bu döyüşlərdə gənclərin nümunəvi vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.
Sonra C.Naxçıvanski adına hərbi liseyin xidmətdə fərqlənən bir qrup kursantına Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Nəsimi Rayon 8 saylı tam orta məktəbin “Şahinlər” hərbi komandası üzvlərinin hərbi and içməsi və Şəmistan Əlizamanlının ifasında hərbi vətənpərvərlik mahnılarının səslənməsi tədbir iştirakçılarının alqışlarına səbəb olub.