Kremlin rəsmi sözçüsü Dmitri Peskov müxalifətçi Aleksey Navalnının Baş nazir Dmitri Medvedyev haqqında səsləndirdiyi ittihamlara cavab verib.
Baki-xeber.com-un xəbərinə görə, Peskov ABC telekanalının “Günaydın Amerika” verilişində Baş nazir barəsində deyilənləri “həqiqətdən uzaq” adlandırıb. Onun sözlərinə görə, hər il Rusiyanın dövlət məmurları müvafiq orqanlara “gəlir və çıxarları ilə bağlı deklarasiya təqdim edirlər ki, bu məlumatlar da iki dəfə yoxlanır”. Navalnının açıqlamalarını populist çıxışlar adlandıran Peskov, bununla belə, korrupsiyanın Rusiyanın gündəmində duran ən böyük problem olduğunu bildirib. Qeyd edib ki, insanlar rüşvətxorluq hallarına dözümsüzdür və o üzdən də ölkənin bir sıra şəhərlərində etiraz aksiyalarının baş qaldırması tam normaldır.
Xatırladaq ki, martın 16-da Korrupsiya ilə Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı və tərəfdarları, hakimiyyətin qadağasına baxmayaraq, Moskvanın mərkəzində nümayiş keçirib. Aksiyaçılar Baş nazir Dmitri Medvedyevin bağlı olduğu deyilən xeyriyyə fondları və onların çoxmilyonlu aktivləri barədə araşdırma aparılmasını tələb ediblər. Bununla eyni vaxtda Rusiyanın bir sıra digər şəhərlərində - Perm və Barnaulda da analoji aksiyalar keçirilib.