Bu günlərdə Keniyada səfərdə olan ABŞ prezidenti Barak Obama ölkəsinin planlarından danışıb və qeyd edib ki, bank və xeyriyyə təşkilatları Afrika ölkələrinin inkişafı üçün 1 milyard dollardan artıq vəsait ayırmaq fikrindədir. Onun sözlərinə görə, bu məbləğin yarısı öz biznesini açarkən bir çox maneələrlə üzləşən qadınların və gənclərin dəstəklənməsinə yönələcək.
Sahibkarlar və məmurlar qarşısında çıxış edən Amerika lideri qeyd edib ki, Afrika hazırda ekonomik inkişaf yolunda olan ən aktiv regiondur:”Gəlirlər artır, orta təbəqə yetişir. Bu isə afrikalılar və bütün dünya üçün unikal imkanlar açır”.
Obama etiraf edib ki, regionda bir çox iş adamları kapital əlçatanlığında çətinliklər yaşayır, lakin onu da qeyd edib ki, son onillikdə bu sahədə proqress əldə olunub.
Qeyd edək ki, Afrika turnesi çərçivəsində Obama Efiopiyaya da səfər edərək, regionda stabillik və iqtisadi-ticarət əlaqələri ilə bağlı müzakirələr aparacaq, eyni zamanda qohumları ilə görüşəcək. Obama özü ABŞ-da doğulsa da atası Keniya əsillidir və hazırda orada qohumları yaşayır.
Baki-xeber.com