ABŞ prezidenti Barak Obama son günlər İraqda «İraq Şam İslam Dövləti» (İŞİD)terror təşkilatının fəallaşmasına münasibət bildirib. Cənab Obama bildirib ki, İraqa qısa müddətli və vacib olan hərbi dəstək olacaq: «Bununla bağlı bir neçə variant üzərində işlənir».
Baki-xeber.com xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Obama, silahlı müqavimətlə qarşı-qarşıya olan İraq hökumətinə dəstək olmaq üçün bütün variantları nəzərdən keçirdiklərini bildirib. ABŞ-ın hava əməliyyatı ya da başqa bir əməliyyat keçirəcəyi ilə bağlı sualı, "Heç bir variantı göz ardı etmirik" deyə cavablandıran Obama, "ABŞ, milli təhlükəsizliyi təhlükə altındadırsa buna qarşı hərbi müdaxilə etməyə hazırdır" deyə bildirib. Obama, üsyançıların İraqda daha çox irəliləməsinə imkan verməyəcəklərini də sözlərinə əlavə edib.
Obamanın bu açıqlamasından qısa müddət sonra ABŞ Dövlət Departamenti açıqlama yayıb. Açıqlamada bildirilir ki, ABŞ əsgəri dəstək xaricində bütün variantları nəzərdən keçirir.
Bundan başqa ABŞ-ın vitse-prezidenti Co Bayden İraqda yaşanan böhranla əlaqədar bu ölkənin baş naziri Nuri Maliki ilə telefonla danışıb.IŞİD-in Mosulu ələ keçirməsi və digər şəhərləri də təhdid etməsinin ardından reallaşan Biden - Maliki telefon danışığının detalları barədə nə Vaşinqton nə də Bağdaddan hər hansı bir açıqlama verilməyib.
Gözlənilir ki, çox qısa müddətdə ABŞ hərbi hava qüvvələri İraqda bəzi bölgələri ələ keçirmiş İŞİDterrorçularına qarşı əməliyyatlara başlayacaq.
Onu da qeyd edək ki, İraqı 2003-ci ildə işğal edən ABŞ ordusu, 2011-ci ilin dekabrında bu ölkədən tamamilə çəkilmişdi.