Xəzər Universiteti Azərbaycandan 150 ən gənc dünya universiteti arasında yer alan yeganə universitetdir. Bu barədə məlumat redaksiyamıza Xəzər Universitetindən daxil olub. Məlumata görə, 14 iyul 2017-ci il tarixində dünyada ali təhsili dəyərləndirən beynəlxalq QS təşkilatı "QS 50 UNDER 50" illik universitet reytinqini açıqlayıb. Qeyd edilənə görə, bu reytinq bütün dünya üzrə 50 ildən az fəaliyyət göstərən gənc universitetləri əhatə edir.
Sözügedən reytinqin əsas məqsədi yaşının az olmasına baxmayaraq, artıq özünü sübut etmiş və uzun tarixə malik olan universitetlərlə yarışa biləcək universitetlərin dəyərləndirilməsidir. 53 ölkədən 150 ən yaxşı gənc universitet bu siyahıya daxil edilib.
Qeyd edildiyi kimi, Xəzər Universiteti Azərbaycandan 150 ən gənc dünya universiteti arasında yer alan yeganə ali təhsil ocağıdır.
Bu ali məktəbdən verilən məlumata görə, Xəzər Universiteti Middlesex Universiteti (Birləşmiş Krallıq), Dublin Texnologiya Universiteti (Birləşmiş Krallıq), Nottingham Trent Universiteti (Birləşmiş Krallıq) və George Mason Universiteti (ABŞ) kimi tanınmış universitetlərlə bir sırada qərarlaşıb.
Universitetdən onu da bildiriblər ki, keçmiş sovet məkanından dörd ölkə - Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna hər biri siyahıda bir universitetlə təmsil olunub.
Xəbər xidməti