Dəyərli Cəfər müəllim! Sizin Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin olunmağınızdan bir il keçir. Bu müddət ərzində siz Azərbaycan təhsil sistemində təklənmiş, ən axırıncı - sonuncu cərgələrə sıxışdırılmış mənəvi dəyərləri soraqladınız, onların dəyərsizləşdirilməsi ilə barışmadığınızı sübut etdiniz. Kim ki bilir və bildiyi ilə ətrafı heyran edir, işıqlandırır, demək o, müdrikdir.
Sizin Azərbaycan Dövlət Pedaqoji Universitetinə rəhbərlik etdiyiniz bu müddətdə həmin müdriklik aydın görünür. Və bu müdrikliyin timsalında insanlara hörmət, Vətənə yanğı, gənclərə mənəvi dayaq olmaq istəyi - qayğı ifadə olunur. Hay-küydən uzaq olmaq, mənəvi dəyərlərə söykənmək sizin amalınızdır. Sizin bütün əməlləriniz son nəticədə təvazökar və vətənsevər bir insan olduğunuzu sübut edir.
Azərbaycan xalqının keçdiyi yola nəzər salarkən aydın olur ki, biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır. Sizin əqidəniz, ruhunuz, bütün varlığınız öz xalqına məhəbbət və sevgi ilə doludur. Böyük alman yazıçısı Höte deyib: "Böyük ağıl qarşısında mən baş əyirəm, böyük ürək qarşısında isə diz çökürəm". Böyük ürək qarşısında diz çökmək neçə min ürək qarşısında diz çökməkdir. Çünki böyük ürəkdə neçə-neçə müxtəlif təbiətli və xarakterli insan yaşayır! Nə qədər insan sevinci və insan kədəri, nə qədər insan dəyanəti, insan şərəfi yaşayır böyük ürəkdə. Bu ilin yaz imtahan sessiyasında mən tələbələrin gözlərindən bu məhəbbəti, bu sevinci oxuyurdum. Onlar nə qədər məmnunluq hissi ilə imtahan nəticələrindən razılıq edirdilər. Qüdrətli tarixi simaların nüfuzu özləri həyatda olmadıqları zamanda belə mənsub olduqları xalqın taleyində xüsusi əhəmiyyət kəsb edir. Atatürkün simasında - Türkiyə, Şarl de Qolun simasında Fransa və s.
Cəfər müəllim, əminik ki, sizin simanızda Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizdə ən nüfuzlu ali məktəblər sırasına çıxacaq. İndi sizin rəhbərlik etdiyiniz universitetdə keçirilən, elmin və təhsilin inkişafına səbəb olacaq köklü islahatlar bütün ölkədə bəllidir. Bu günlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixində parlaq bir səhifə olacaq.
Ali məktəblərdə bütövlükdə millətin gələcəyinə xidmət edən islahatlar aparmağın insandan nə qədər böyük güc, səriştə, təşkilatçılıq bacarığı və qüdrət tələb etdiyini bu aləmdən az-çox xəbəri olan və bunun məsuliyyətini dərk edənlər yaxşı bilir. Hər bir peşə üçün hansısa genetik qabiliyyət olmalıdır, bu hər kəsdə olmur. Amma sizdə var.
Bir vaxtlar İslam dini döyüşən qılıncı və böyük Quranın müqəddəs ayələri ilə özünə yol açıb. Və zaman göstərdi ki, bəşər nəslini cahillikdən xilas etməyin böyük yolu islam mənəviyyatından və islam mədəniyyətindən keçir. Sizin Azərbaycan Dövlət Pedaqoji Universitetində apardığınız böyük islahatlar haqq və ədalətə söykənir. Sizi apardığınız islahatlar dünyasının elmi idrak və ağıl sərkərdəsi kimi görürük. Əlbəttə, dəyişikliklər dövründə, suyu bulandırmaq istəyənlərin olduğu bir z=amanda zərbələrdən tamam yan keçmək də mümkünsüzdür. Öz ümmətini səhralardan, cahillikdən xilas etmək qüdrəti ancaq peyğəmbərlərə nəsib olan keyfiyyətdir. Bu, gələcək qarşısında çox böyük məsuliyyət yükünü çiyinlərində daşımaqdır. Siz bu ağır yükü şərəflə daşıyırsınız.
Təsadüfi deyil ki, bütün təhsil sisteminin ləyaqətli ziyalıları, alimləri, tələbələr sizi təqdir edir, gördüyünüz böyük işlər uğrunda fəaliyyətinizdə fədakarlığınızı təsdiqləyirlər. Bizim pedaqoji universitetin professor-müəllim heyəti və tələbələri sizin haqqınızda rəğbət və hörmət hissi ilə danışırlar. Bir sözlə, biz istərdik ki, siz böyük fəaliyyət yolunuzda ayağınıza toxunan daşlara əhəmiyyət verməyəsiniz. Çünki sizin elmi fəaliyyətiniz, geniş erudisiyanız, intellektiniz özü bir məktəbdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri elan olundu. Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə "Xalq qəzeti"nin, "Azərbaycan müəllimi" qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilmişdir. Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılmışdır. Müsabiqəyə çıxarılan 114 vakant yerə ümumilikdə 500, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 350, kənardan isə 150 nəfər sənəd verilmişdir. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi vardı. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi pedaqoji universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabət qabiliyyətli mütəxəssisləri işə cəlb etmək olmuşdur. Hesab edirik ki, bu mütərəqqi, obyektiv yanaşmadır, çünki ali məktəblərdə təhsilin keyfiyyətinə təsir edən faktorlardan biri də müəllimlərin bilik, elm səviyyələrinin yüksək olmasıdır.
Müsabiqə keçirilərkən hər bir namizədin pedaqoji təcrübə zənginliyi, pedaqoji ustalığı, ixtisas sahəsi üzrə biliklərinin əhatəliliyi, müəllimin kreativ düşüncəyə malik olması, onlarla ünsiyyəti, tələbələrlə əməkdaşlıq şəraiti, səmərəli metodlardan istifadə edib bilik və bacarıqların ötürülməsində nailiyyətlər qazanması nəzərə alınmışdır. Ancaq ali məktəb həm də elmi-tədqiqat mərkəzi olduğundan, gələcək seçkilərdə eyni zamanda müəllimin elmi məqalələrinə, konfranslarda çıxışlarına, metodik tövsiyələrinə, dərsliklərinə və s. üstünlük verilməlidir.
Cəfər müəllim, siz çalışırsınız ki, hər şey şəffaf olsun, qabiliyyətlilər, haqqı olanlar bu müsabiqədə seçilsin. Hər halda, sizin prinsipiniz sağlam məqsədə xidmət edir və belə bir müsabiqənin keçirilməsi cəmiyyətimizin gələcəyi üçün faydalı hesab olunmalıdır. Bu müsabiqədə aydınlıq, şəffaflıq, obyektivlik və ədalət öz yerini tutdu.
Görülən bütün işlər zamanın tələblərinə uyğun olmalıdır. Təhsil sahəsində qəbul olunan qərarlar, strategiyalar, müəllim hazırlığında keyfiyyət göstəricilərinin yüksəldilməsini, tədris prosesinin modernləşdirilməsini əsas məqsəd kimi qarşıya qoyur. Tədris prosesində müasir təlim texnologiyalarından istifadə, tədris planlarını təkmilləşdirmək, tələbələrin elmi dünyagörüşü və vətənpərvərlik hissini formalaşdırmaq işini və ixtisas hazırlığı səviyyəsini aktual vəziyyətdə saxlamaq, əxlaqi-mənəvi tərbiyə məsələlərinin diqqət mərkəzində saxlanlması bu gün qarşıda duran ən vacib problemlər sırasındadır.
Kimlərsə ölçüyəgəlməz dərəcədə prinsipial, sərt və tələbkar kriteriyalarla işləyən Cəfər müəllimin komandasından çıxa bilər, dözmədiyi, əslində gücü çatmadığı üçün başını götürüb qaça, istefa verə bilər. Bu nəhəng meydanda işləmək üçün güclü kadr potensialı yaradılır, yetişir. Yarı yolda qalanları əvəz edən, bu işin öhdəsindən layiqincə gələ bilən yeni nəsil isə elm və bilik meydanına ürəklə çıxır.
Universitetimizin rektoru Cəfər müəllimin də çalışdığı bundan ibarətdir ki, beynəlxalq aləmin təhsil əsri adlandırdığı XXI əsrdə Azərbaycan təhsilini daha böyük enerjiyə, potensiala, bilik və bacarığa malik olan insanlar təmsil etsin...
Və o da doğrudur ki, son 10 ildə Azərbaycan təhsilində aparılan çox ciddi islahatlar təhsilin və elmin inkişafına böyük təkan verməkdədir. Təhsil sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilməlidir. Çünki təhsil hər bir ölkə üçün strateji bir sahədir. Cəfər müəllimin çox sevdiyi kəlamlardan biri də Ulu öndərimiz Heydər Əliyevin təhsil barəsində söylədiyi fikirdir: "Təhsil hər bir xalqın gələcəyidir". Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrostrukturun yaradılması, Azərbaycanın hər bir bölgəsində məktəb tikintisinin geniş vüsət alması xüsusilə diqqətəlayiq hadisələrdəndir. Fikir verirsinizsə, hazırda bütün dünyada xalq və dövlətlərin yeni müstəvidə inkişafı ilə səsləşən bütün çağırışları ilk növbədə təhsillə, cəmiyyətin intellektual səviyyəsinin yüksəlişilə bağlıdır. Təkrar vurğulamaq istəyirik ki, əsrimiz təhsil əsridir. Bu mənada müstəqil Azətbaycan dövləti, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş təhsilimizin uğurlu seçimlərindən biri də Cəfər Cəfərovun ötən il Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin olunmasıdır. Hesab edirik ki, bu təyinat çox dəqiq bir seçimdir və pedaqoji universitetin həyatında yeni bir mərhələnin başlanğıcı deməkdir.
Elnarə MEHBALIYEVA Kimya və biologiya fakültəsinin dekanı, dosent Əli ZALOV Analitik və üzvi kimya kafedrasının dosenti