Nəsimi rayon İcra Hakimiyyətinin məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsi məqsədilə təşkil etdiyi silsilə tədbirlər davam edir.
Nəsimi RİHdən baki-xeber.com-a verilən xəbərə görə, növbəti tədbir olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilib.
İyulun 24-də “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Şəki şəhərinə yola salınma mərasimi keçirilib. İstirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər - ümumilikdə 100 nəfər yeniyetmə-məktəbli yola salınıb.
Yola salma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb. Bildirib ki, düşərgənin fəaliyyəti Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olacaq.
Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Şəki şəhərinin görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil ediləcək.
Məktəbli yeniyetmələr böyük sevinclə avtobuslarla Şəki şəhərinə yola düşüblər.