Nəsimi Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş, təhsildə və idmanda fərqlənən uğaqların yay tətili günlərinin maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirir.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, bu məqsədlə Nəsimi rayonundakı orta məktəblərin şagirdləri üçün Quba şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunub. Bu günlərdə isə Nəsimi İcra Hakimiyyətində həmin düşərgədə istirahət edəcək uşaqlar , onların valideynləri və məktəb rəhbərləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi RİH başçısı Asif Əsgərov iştirakçıları salamlayaraq, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışıb, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib. Quba şəhərində təşkil edilən “Gənc İlhamçılar” yay istirahət düşərgəsində 200 nəfər Nəsimi rayon məktəblisinin dincələcəyini deyən A.Əsgərov düşərgədə məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlandığını bildirib. Qeyd edib ki, plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, video proyektor vasitəsi ilə açıq səma altında Azərbaycan filmləri nümayiş etdiriləcək, Quba rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunacaq.
Görüşdə iştirak edən valideynlər və istirahətə gedən uşaqlar yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Görüşdə xatirə şəkli çəkilib.
Baki-xeber.com