Nəsimi rayonunda İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə iftar süfrələrinin təşkili ənənəvi hal alıb.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, növbəti belə tədbir iyunun 21-də rayonun 1-ci mikrorayon ərazisində yerləşən «Ağdaş» restoranında keçirilib. Rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilən iftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. “Kərbəlayi Abdulla məscidi” dini icmasının rəhbəri Hacı Ağasəlim Səlimov və digər din xadimləri müqəddəs kitabımız olan “Qurani Kərim”in nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdrıblar.
Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mərasimdə iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirir.
İftarda iştirak edənlər Azərbaycanın bugünkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.