Heydər Əliyev Fondunun dəstəyi, Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində rayonun aztəminatlı ailələrilə görüş keçirilib.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, icra başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibətilə keçirilən tədbirdə iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışıb.
Sonra Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və tədbirlər haqqında məlumat verib. Sonda ilk növbədə yardıma ehtiyacı olanlara – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlərə, ümumilikdə 1 000 (min) ailəyə ərzaq bağlamaları paylanıb.
Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibətilə göstərilən yardımlara görə Ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.