14 iyun 2017-ci il tarixdə Nəsimi rayonunun bütün tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a veriləb məlumata görə, “Son zəng” tədbirinin keçirildiyi 1580 nəfər şagirdin təhsil aldığı 54 saylı tam orta məktəb “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibləri arasında olub. 2014-cü ildə 54 saylı tam orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunub. Bu il məktəbi 70 nəfər məzun bitirir.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 54 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Sahibə Abbasova məktəb kollektivinin uğurlarını qeyd edərək, ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib.
“Son zəng” tədbirinin keçirildiyi digər 240 saylı tam orta məktəbdə 1514 nəfər şagird təhsil alır. 240 saylı tam orta məktəb “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adını qazanıb, məktəbin 4 müəllimi isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri arasında olub. 2013-cü ildə 240 saylı orta məktəb Dövlət Proqramına uyğun olaraq əsaslı təmir edilərək bütün lazımi avadanlıqlarla təchiz olunub. Bu il məktəbi 58 nəfər məzun bitirir.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan 240 saylı tam orta məktəbin direktoru, Qabaqcıl təhsil əlaçısı Esmira Məmmədova məktəb kollektivinin uğurlarını qeyd edərək , məzunlara müstəqil həyatda uğurlar arzulayıb.
Tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almalarından ötrü hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidir.
İcra başçısımüstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayaraq, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləyib.
“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdırdıqdan sonra tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.