Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, onların 13 nəfəri Azərbaycan, 7-si Özbəkistan, 6-sı Banqladeş, 2-si Rusiya, hər ölkədən 1 nəfər olmaqla İran, Moldova, Pakistan, Əlcəzair vətəndaşları olublar.
Sərhəd rejim qaydalarını pozarkən 949 halda 1253 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 379 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 951,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
“Xaş-xaş-2017” şərti adı altında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala və Şəmkir rayonlarının sərhədyanı ərazilərində 15 873 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər yığılaraq ictimaiyyətin və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə yandırılaraq məhv edilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 184 378 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 376 qutu pirotexniki vasitə, 7 ədəd qayıq, 43 500 ABŞ dolları, 10 min avro, 4528 qutu siqaret, 208 ədəd mobil telefon, 3914 ədəd müxtəlif növ dərman preparatı, 7 ədəd Ermənistanın təsvirləri olan kitabça, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.