Prezident İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.
Nəsimi RİH-dən baki-xeber.com-a verilən məlumata görə, 15 iyun- Qurtuluş günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında 2 hektardan artıq sahədən ibarət iki “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilib. Bu ünvanlarda 4 bloklu, 60 mənzilli, beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Yaşıllaşdırma işləri aparılıb və həyətə gül-çiçək əkilib. Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, istirahətləri üçün söhbətgah quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb.
Sakinlərlə görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Gülarə Verdiyeva qeyd edibki, bu istiqamətdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən son 3 ay ərzində rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilib.H.Seyidzadə küçəsi 29 ünvanının qarşısındakı ərazinin sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Sakinlərlə görüşdə o da bildirilib ki, hazırda rayonun ayrı-ayrı ünvanlarında 13 yüksəkmərtəbəli binanın fasadlarında əsaslı təmir işləri və həyətlərində abadlıq-quruculuq işləri davam etdirilir.
Baki-xeber.com