Son dövrlər Daxili İşlər Nazirliyi tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində tabelikdəki orqan və hissələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş məmnunluğunu təmin etmək məqsədilə lazımi tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotunun aparılması ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.
Cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.
Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı almaq mümkündür.