Azərbaycanda həkimlər tərəfindən xəstələrə antibiotiklərin təyin edilməsi çox ciddi nəzarət altına alınmalıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, bu gün dünyada mütəxəssislərin antibiotiklərə olan münasibəti dəyişib: “Artıq molekulyar biologiya sahəsində aparılan yeni tədiqaqtlar nəticəsində məlum olub ki, antibiotiklərin istifadəsi nəticəsində insanların geninə təsir edilməklə çox ağır fəsadlar, xəstəliklər ortaya çıxır. Ola bilər ki, bu, həmin zaman özünü göstərmir, amma sonrakı dövrlərdə meydana çıxır. Bunun məqsədyönlü olmayan istifadəsi çox ciddi faciələrə gətirib çıxara bilər. Ona görə də antibiotiklərin verilməsi çox ciddi nəzarət altına alınmalıdır. Müvafiq icra hakimiyyəti orqanları bu istiqamətdə tədbirlər görməlidir”.
Ə.Əmiraslanov deyib ki, bu gün həm yerli televiziya, həm də xarici kanallarda dərman vasitələrinin, xüsusilə də reseptsiz buraxılan dərmanların reklamına yenə də rast gəlinir.
Ə.Əmiraslanov deyib ki, dərmanların reklamı çox təhlükəli, zərərli və gələcəkdə insan orqanizmi üçün çox böyük təhlükə törədə biləcək məsələdir.
Onun sözlərinə görə, xüsusilə ağrıkəsicilər, bədxassəli şişlərə qarşı, digər ağır patologiyaların müalicəsinə qarşı tətbiq olunan dərmanların reklamı və onların pulsuz paylanılması tədbirlərinin qarşısı alınmalıdır”.
“Azərbaycana xaricdən gələn həkimləri heç öz ölkəsində tanıyan yoxdur”. Bunu isə Azərbaycanın baş endokrinoloqu, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənov deyib.
Onun sözlərinə görə, bu cür xaricdən gələn həkimlərin düzgün aparmadıqları müalicə nəticəsində sonradan xəstələrin səhhətində ciddi problemlər ortaya çxır.
R.Məmmədhəsənov əlavə edib ki, belə xəstələri sonradan Azərbaycanın öz həkimləri müalicə etməli olurlar: “Elə xəstəliklər var ki, onlar ömürlük olur. Ancaq bəzi həkimlər həmin xəstələrə hansısa dərmanı yazır və deyirlər ki, bunu qəbul et, bir həftəyə sağalacaqsan. Bu hamısı biznes maraqlarından irəli gəlir. Onlar bununla dərmanları reklam edir, əhalinin məlumatsızlığından istifadə edirlər. Bu səbəbdən cərimələri daha da artırmaq lazımdır”.