Eyyub Hüseynov: "Saxta endirim kampaniyaları ilə bağlı cəza tədbirləri müəyyən olunmalıdır"
Azər Sərdarov: "Endirim kampaniyaları ilə bağlı qanun qəbul edilməlidir"
İstənilən mövsümdə şəhərin müxtəlif mağazalarında endirim kampaniyaları müşahidə olunur. 50-60 və bəzən də 70-80 faiz civarında təklif olunan endirimlər əvvəlki fəsil geyim mallarına şamil edilir. Buna görə də alıcılar mövcud kampaniyalardan öz büdcələrinə uyğun şəkildə yararlanmağa çalışır. Lakin araşdırmalar nəticəsində məlum olur ki, həmin mallar əslində heç də ucuz deyil. Bu səbəbdən də endirim kampaniyaları ilə bağlı standart bir qanunun qəbul olunması təklif olunur.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, məlum məsələ ilə bağlı qanunvericilik sərtləşdirilməlidir ki, əhali yalançı endirim kampaniyalarında aldadılmasın: "Saxta endirim kampaniyaları ilə bağlı cəza tədbirləri müəyyən olunmalıdır. Bəllidir ki, biznes qurumu öz malını istənilən qiymətə sata bilər. Bu azad bazar iqtisadiyyatı şəraitinə aiddir. Sadəcə olaraq şərtlər sərtləşdirilməlidir ki, əhalini yalançı endirim kampaniyaları ilə aldatmasınlar".
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövlət orqanları məlum məsələ ilə bağlı fəal iş görməlidir: "Endirim kampaniyaları keçirən dükanlarla bağlı araşdırma aparılmalıdır. Hansı dükan satış qiymətini həddindən artıq yüksək edirsə və ya saxta endirim edirsə, ona qarşı müəyyən cəza tədbirləri tətbiq olunmalıdır".
İstehlakçıların Maarifləndirilməsi və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Azər Sərdarovun sözlərinə görə, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir: "Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar. Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidir. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirim elan edir, əslində isə bu qanunaziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir. Bu səbəbdən də endirim kampaniyaları ilə bağlı qanun qəbul edilməlidir. Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusilə iri marketlərdə qiymətlərin monitorinqini aparmalı, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".
Günel CƏLİLOVA