Paytaxtın Nərimanov rayonundakı Respublika Humanitar Fənlər Gimnaziyasında Rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilib.
Tədbirdə RPİ-nin rəisi, polis polkovniki Nəriman İmanov, Veteranlar Şurasının sədri Paşa Kərimov və YYÇ PİTB-nin rəisi, polis mayoru Rüstəm Rüstəmov mövzu ətrafında çıxışlar ediblər.
Ailədə pis vərdişlərə, narkomaniyaya düçar olmuşların vaxtında aşkarlanması və ya öncədən qarşısının alınması məqsədi daşıyan tədbirdə ailə-məktəb-polis vəhdətinin təkcə "ağ ölüm"lə mübarizədə deyil, şagirlərin, yeniyetmələrin sağlam, savadlı, vətənpərvər böyüməsinə də təkan verən amil olduğu qeyd edilib.
Tədbir iştirakçıları son illər ölkəmizdə narkomaniya ilə mübarizədə polisin rolunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, dərsə davamiyyəti zəif və çətin tərbiyə olunan şagirdlərin nizam-intizama dəvət edilməsində polisin fəaliyyətinin böyük rolu var. Gün-gündən qloballaşan narkomaniya adlı bəla cinayətkar əməllərin çoxalmasına, kriminogen durumun dəyişməsinə səbəb olur.
Qeyd olunub ki, keçirilən bu cür maarifləndirmə tədbirləri ictimaiyyət tərəfindən bəyənilir və təqdir olunur. Və bundan sonra belə tədbirlərin keçirilməsinin qarşıda duran ən ümdə vəzifələrdən biri olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Baki-xeber.com