Mayın 11-də Bakı - 2017 IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yeləşən “Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu stansiyasının qarşısından “Azal Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb.
Həmçinin, mayın 11-də keçirilən idman yarışları ilə əlaqədar Bakı kristal zalı, “Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb.
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.