Səhiyyə Nazirliyi Çin istehsallı bəzi dərmanların Azərbaycana Avropa şirkətlərinin istehsalı olan dərmanlar kimi gətirilməsinə münasibət bildirib.
Trend-in məlumatına görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə bildirib ki, Azərbaycana gətirilən bütün dərmanların keyfiyyəti diqqətlə öyrənilir, hər birinin seriyası ciddi şəkildə yoxlanıldıqdan sonra onların idxalına icazə verilir: “Azərbaycana birbaşa olaraq Çin istehsallı dərmanlar gətirilmir. Ümumiyyətlə, dünyanın aparıcı şirkətlərinin Çində də müəssisələri var. Dünyada qəbul edilən qaydalara görə, hər hansı bir istehsalçı öz dərmanlarını Çində də istehsal edə bilər. Avropanın aparıcı şirkətləri belə, ucuz işçi qüvvəsinə görə öz istehsallarını Çində də, Cənubi Koreyada da qura bilərlər. Əgər həmin şirkətin rəsmi lisenziyası varsa, belə dərmanların Azərbaycana idxalına icazə verilir. Amma lisenziya olmadıqda, buna birmənalı şəkildə icazə verilmir".
Nazir müavini əlavə edib ki, dünyanın əksər dərman şirkətləri Çinin xammalından istifadə edir: "Dünyada dərman bazarında xammalın əsas mənbəyi Çindədir".
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlilliyin müəyyən edilməsi ilə bağlı işlər getdikcə təkmilləşdirilir”. Bunu da Elsevər Ağayev bildirib.
Nazir müavini qeyd edib ki, əlillik hallarının sayının artması hamını narahat edir: "Söz yox ki, səhiyyə işçiləri tərəfindən doldurulan "Forma 88"-lərdə də problemlər var idi. Bununla bağlı bir sıra tibb müəssisələrinə xəbərdarlıq edilib, Səhiyyə Nazirliyində də bununla əlaqədar kollegiyası iclası keçirilib və cəzalandırılanlar olub. Ümid edirik ki, bu tədbirlər öz bəhrəsini verəcək".