Hazırda Respublika Talassemiya Mərkəzində 2959 xəstə dispanser qeydiyyatındadır. Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
C.Məmmədov bildirib ki, talassemiyalı xəstələrin 2/3-si uşaqdır: "Talassemiya diaqnozu uşaqlara kiçik yaşlarından qoyulur. Belə uşaqlarda anadan olandan qısa müddət sonra anemiyanın ağır forması müşahidə edilir. Onlara dəqiq diaqnozu 1 yaşdan sonra qoymaq mümkün olur".
Mərkəz direktoru qeyd edib ki, Azərbaycanın bütün bölgələrində irsi xəstəlik olan talassemiyalı xəstə var. Lakin belə xəstələr Ağdaş, Göyçay, Şəki, Qəbələdə və cənub zonasında daha çoxdur.
C.Məmmədov deyib ki, 2017-ci ilin 3 ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub. Bunlardan ilkin müraciət etmiş 603 nəfərdən 72-si dispanser qeydiyyatına alınıb. Mərkəzin Hemotologiya şöbəsində bu ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb.
“Azərbaycanda son aparılan müayinələrin nəticələrinə görə nikaha daxil olanların 5-7%-i talassemiya daşıyıcısı olur”. Bunu Respublika Talassemiya Mərkəzinin direktoru deyib.
C.Məmmədov deyib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Bu müayinələrin aparılmasında məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
Mərkəz direktorunun sözlərinə görə, indiyə qədər nikah qabağı 258 521 nəfər müayinədən keçib. Onların 11 215-də talassemiya daşıyıcılığı aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində dayışıcılıq qeydə alınıb. Bu şəxslərə müvafiq məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb.
C.Məmmədov deyib ki, bu vaxta kimi talassemiya daşıyıcılığı aşkar edilən 26 cütlükdə hamiləlik qeydə alınıb. Onlardan 5 ailədə xəstə uşaq olduğuna görə, ailənin razılığı ilə hamiləlik dayandırılıb: "Digərlərində isə talassemiya daşıyıcısı və sağlam uşaqlar dünyaya gəlib. Daşıyıcılar praktik sağlam insanlardır və onların sağlamlıqla bağlı problemi olmur".