Nəsimi rayonunda II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü təntənəli şəkildə qeyd olunub.
Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində tədbirlər təşkil olunub. Daha bir tədbir rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə keçirilib. Abidənin önünə əklil qoyulub, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar abidənin önünə tər çiçəklər düzüb. Daha sonra rayon İcra Hakimiyyətində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əlamətdar gün münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yardımlar verilib. Səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyən Böyük Vətən Müharibəsi veteranlarının sovqatları isə onlara yaşadıqları mənzillərdə təqdim olunub.
Eyni zamanda əlamətdar gün münasibətilə “Sağlam Ailə” Tibb Mərkəzində Böyük Vətən Müharibəsi veteranlarının pulsuz müayinəsi təşkil olunub.
Baki-xeber.com