Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir. Trend-in məlumatına görə, bunu “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib.
“Qəlyan insanın səhhəti üçün çox zərərllidir. İstifadə zamanı onun müştüyü və borusu dəyişməlidir. Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və bununla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir”.
A.Əlizadə hesab edir ki, qəlyanın qadağan edilməsi turistlərin ölkəyə olan marağının azalmasına səbəb ola bilməz.
Deputat təklif edir ki, uşaqlara siqaret satanların cərimələnməsi üçün qanunvericiliyə dəyişikliklər edilməli və onlara qarşı tədbirlər görülməlidir.
Milli Məclis sədrinin müavini isə Bahar Muradova təhsil müəssisələrinə yaxın ərazilərdəki ictimai iaşə obyektlərində qəlyan çəkilməsinin qadağan edilməsini təklif edir. B.Muradova deyib ki, təhsil müəssisələrinə yaxın yerlərdəki qapalı müəssisələrdə qəlyan çəkilməsi qadağan edilməlidir.
Onun sözlərinə görə, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir: “Təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur. Yeniyetmə gənclər həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik”.
Qeyd edək ki, hazırda müzakirə mərhələsində olan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə görə, sulu qəlyan və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.