Cari tədris ili müddətində təhsilalanlara verilən təhsil kreditləri ilə əlaqədar ya "Təhsil haqqında" qanuna əlavələrin edilməsi, ya da "Təhsil kreditləri" ilə bağlı ayrıca qanun layihəsinin hazırlanması ilə bağlı təkliflər verilməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu ildən başlayaraq artıq Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan "Maarifçi" Tələbə Kredit Fondu aztəminatlı tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verir: "Düzdür, bu, az sayda tələbəni əhatə edir. Amma kreditlərin verilməsi artıq bakalavr səviyyəsində tətbiq edilir. "Elm haqqında" qanuna da doktorantlara təhsil kreditlərinin verilməsi məsələsi daxil edilib. Amma magistratura səviyyəsi qalıb. Eyni zamanda, bakalavr səviyyəsində kreditlərin verilməsi qanunvericiliklə tənzimlənmir. Buna görə də bu məsələlər qanunvericiliyə daxil edilməlidir".
İ.Həbibbəyli qeyd edib ki, hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə verilir.
Komitə sədrinin fikrincə, amma bu kreditlər kirayənin ödənilməsi və s. kimi problemləri olan və ödənişsiz əsaslarla təhsil alan tələbələrə də verilə bilər: "Zaman bunu tələb edir, cəmiyyətdə artıq yeni sifarişlər yaranıb".
"Yeni hazırlanan "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin yenidən formalaşdırılmasını noyabr ayına qədər yekunlaşdırsaq, onu Milli Məclisin payız sessiyasına müzakirə üçün təqdim edə bilərik". Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bu gün keçirilən iclasda deyib.
Onun sözlərinə görə, layihənin ilkin variantı hazır olsa da, ona bəzi dəyişikliklərin edilməsi lazımdır.
Təhsil səviyyəsinin hər biri üzrə ayrı-ayrı qanun layihələrinin hazırlanmasını vacib sayan İ.Həbibbəyli qeyd edib ki, ilkin olaraq, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırlanıb. Sentyabr-oktyabr ayları ərzində "İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsinin hazırlanması üçün işmi qrupun yaradılması, noyabr-dekabr aylarında layihənin hazırlanması nəzərdə tutulub.