Xüsusilə də yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov əlavə edib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtdakı orta və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərə yol polisi tərəfindən mütəmadi baxış keçiriləcək, yol hərəkəti qaydalarına riayət olunmasında təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçiriləcək: "Təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülər sərt cəzalandırılacaqlar. Xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı çox ciddi tədbirlər görüləcək. Çünki çox zaman məktəblərin ətrafında dayandırılmış nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində hərəkət etmələrinə çətinlik yaradır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müsəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbinin yerinə yetirilməsini tövsiyə edir”.
Bölmə rəisi qeyd edib ki, uşaqların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə 2015-ci il sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində, o cümlədən paytaxt Bakıda "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək: "Yeni dərs ilinin başlanması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu yerlərdə məktəblilərin təhlükəsizlyiniin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması vacib məsələ kimi qarşımızda durur. Keçiriləcək təhlükəsizlik aylığında uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası işində təhsil işçilərini, valideynləri, ictimai qurumların nümayəndələrini, ümumilikdə hər kəsi fəal olmağa çağırırıq”.
Qeyd edək ki, DİN rəhbərliyinin göstərişinə əsasən, göstərilən müddət ərzində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək.