Uşaq əməyinin istismarının qarşısını almaq və onu azaltmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu barədə ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov media nümayəndələrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə təmsil etdiyi qurum tərəfindən araşdırmalar aparılır. M.Məhərov qeyd edib ki, 15 yaşından sonra hər bir uşaq işləyə bilər, ancaq bunun üçün mütləq onun valideynlərindən birinin icazəsi olmalıdır: "15 yaşına çatmayan yeniyetmələrin icazəsiz işə cəlb olunmasının aşkarlanması zamanı müəssisə və sahibi cərimələnir. Bundan əlavə, uşaqlar bütün sahələrdə işləyə bilməz. Məsələn, onlar gecə işində, spirtli içkilərin istehsalı və istifadəsi olan müəssisələrdə, obyektlərdə qətiyyən işləyə bilməz. Çünki bu, uşaqların mənəviyyatına mənfi təsir edir. Qeyd etdiyimiz məsələlər Müfəttişlik tərəfindən araşdırılır və uşaqlar qanunsuz olaraq belə işlərə cəlb olunursa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, işəgötürən və sahibi olduğu müəssisə cərimələnir".
Uşaq əməyinin istismarına nəzarətin gücləndirilməsinə dair fikir bildirən Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan uşaq əməyindən istifadənin qadağan edilməsi barədə Konvensiyaya bir neçə il əvvəl qoşulsa da, problem həllini tapmayıb: "Konvensiya uşaqların əməyə cəlb edilməsinin yaş həddini müəyyənləşdirir. Göstərilir ki, 15 yaşınadək uşaqlar əməyə cəlb edilməməlidir. Bu onların təhsilinə və sağlamlığına təsir etdiyinə görə 15 yaşınadək uşaqların əməyindən istifadə qadağandır. Bu yaşdan sonra isə uşaq əməyindən istifadə edilə bilər, amma bu da qanun çərçivəsində olmalıdır. Burada müəyyən hədlər qoyulur. Məsələn, uşaq 4 saatdan artıq işləməməlidir, ağır şeylər qaldırmamalıdır və s. Həmin Konvensiyada qanunu pozanların məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulur. Amma indiyədək uşaqları qanunsuz olaraq işlədən bir nəfər belə məsuliyyətə cəlb edilməyib".
Y.Bəkirovun sözlərinə görə, uşaqlar əsasən işəgötürənlər və valideynlər tərəfindən istismar edilir. Bu, əksər hallarda həddini aşır. Bunun qarşısının alınması üçün əlavə tədbirlər gücləndirilməlidir. Həm valideynlər, həm də uşağı qanunsuz olaraq işəgötürən şəxs məsuliyyətini dərk etməlidir: "Ölkədə uşaq müdafiə sistemi mükəmməl olmadığından, bu, əməyə cəlb edilən uşaqların müdafiəsi üçün çətinliklər törədir".
Günel CƏLİLOVA