Bu ilin əvvəlindən bu günə kimi Bakı şəhərində 466 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, nəticədə 133 nəfər həlak olub, 538 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Otən illə müqayisədə qəzaların sayında azalmaların olduğunu deyən bölmə rəisi statistik rəqəmləri də açıqlayıb: "2014-cü illə müqayisədə 61 hadisə azalıb, 31 ölüm faktı aşağı düşüb və 12 xəsarət dərəcəsi yüngül olub. Və qeyd edim ki, qəzaların 51 faizi piyadaların iştirakı ilə baş verib. 47 faiz isə sürət həddinin aşılmasından yaranan qəzalardır”.
V.Əsədov qəzaların və ölümlərin baş verməməsi üçün sürücüləri daha diqqətli olmağa çağırıb. Polis əməkdaşlarının yollarda təhlükəsizliyin təminatı üçün əllərindən gələni etdiyini və bundan sonra da edəcəyini deyən polkovnik qeyd edib ki, insanlar da qaydaları pozmaqdan çəkinməlidirlər.
65 mindən çox piyada cərimələndi
Vaqif Əsədov deyib ki, Bakıda ilin əvvəlindən polis tərəfindən 65 832 piyada cərimələnib. "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsinin piyadaların hüquq məsələsini tənzimlədiyini qeyd edən V.Əsədov bildirib ki, bu maddənin tələbləri piyadalar tərəfindən pozulduqda İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, onlar saxlanılır və məsuliyyətə cəlb edilir.
Bölmə rəisinin sözlərinə görə, piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb: "100-dən artıq polis əməkdaşı həmin ərazilərdə xidmət aparır. Bu isə o deməkdir ki, piyadalar arasında nizam-intizam yüksəlib və hadisələrin sayı azalıb. Həqiqətən də kütləvi piyadaların saxlanılaraq cərimələnməsi piyadaların vurulması ilə nəticələnən qəzaların sayına təsir edib. Yəni piyadaların nizam-intizamının yüksəldilməsi, yollarda təhlükəsiz davranışlarının qorunması və beləliklə də yol hərəkətində mədəniyyət səviyyəsinin artırılması, şüur səviyyəsinin yüksəldilməsi istənilən halda hadisələrin sayının aşağı düşməsinə təsir göstərir”.
Piyadaların iştirakı ilə baş verən qəzaların sayının azalması istiqamətində polislə yanaşı, vətəndaşların da üzərinə böyük məsuliyyətin düşdüyünü deyən polkovnik vurğulayıb ki, bunun üçün hər bir evdə bu barədə tərbiyəvi iş aparılmalıdır.