Azərbaycanda biruşaqlı gənc ailələrdə boşanma hallarının artmasında əsas mühüm rolu "təsadüfilik” amili oynayır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, Azərbaycanda bəzi ailələr "təsadüfilik” prinsipi ilə qurulur. Belə ailələr isə sonradan həm dövlət, həm də cəmiyyət üçün müəyyən problemlər yaradırlar.
S.Qəhrəmanova bildirib ki, belə halların baş verməməsi üçün ailə qurmaq istəyən tərəflər düşünülmüş addım atmalı, hər kəs öz səviyyəsinə, xasiyyətinə uyğun qadınla, yaxud kişi ilə ailə qurmalıdır: "Ailə quracaq xanım da fikirləşməlidir ki, elə ərə getmək xatirinə ərə getmək olmaz. Çünki burada maraqlar toqquşmalı, xasiyyətlər uyğun gəlməlidir. Hər şeyi fikirləşmək lazımdır. Çünki özünə ömür-gün yoldaşı seçirsən”.
S.Qəhrəmanova Azərbaycanda ailələrin dağılmasında valideynlərin də rolunun olduğunu deyib.
Komitə rəsmisinin sözlərinə görə, belə problemlərin nəticəsidir ki, yeni qurulan bəzi ailələr bir il, il yarım yaşayır: "Bu da o deməkdir ki, hər bir ailənin möhkəm təməli olmalıdır. Ailə sevgi üzərində, düşünülmüş şəkildə qurulmalıdır. Belə yanaşmaların olmaması məsuliyyətsizlikdir”.