Bu yaxınlarda daha bir ailədə üçəm sevinci yaşanıb. Pərvanə Daşdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 2 qız və bir oğlan dünyaya gətirib. Bu barədə baki-xeber.com-a universitetdən bildiriblər.
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə, Pərvanə xanım hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: "Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatıb”.
A.İsmayılova qeyd edib ki, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqqında qərar verilib: "Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə də uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb".