S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.
MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.
Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.
Azərbaycan Səhiyyə Nazirliyi də Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayışla bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə bildirilib ki, bu gün Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunur ki, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıb.
Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.
Qeyd edək ki, "Telemexanika" zavodu 1981-si ildə "Sihazlar" zavodu adı altında fəaliyyətə başlayıb. 1988-si ildə "Sihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərib. 1991-su ildə "Telemexanika" İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.
2006-si ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.
"Telemexanika" zavodunun əsas fəaliyyət istiqamətləri neft sənayesi ücün sihazların istehsalı və texnoloji tərtibatların hazırlanmasıdır. Zavodda ümumilikdə 245 nəfər işçi çalışır.