Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək. O qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. Komitə sədri əlavə edib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar. mDini maarifləndirmənin əhəmiyyətindən danışan Dövlət Komitəsinin sədri milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.