25 may mərhum kardioloq Cavid Həmişəyevin anım günüdür. Bu gün dostlarının təşəbbüsü ilə Bakıda Cavid Həmişəyevin anım mərasimi təşkil olunub. Respublikanın əməkdar artisti Ağalar Bayramov tədbiri açıq elan etdikdən sonra, mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra həkimlər, tanınmış tibb xadimləri, mərhumla birgə orta və ali təhsil almış şəxslər onunla bağlı xatirələrini bölüşüblər.
Bilidirilib ki, ölümündən sonra yaxşı əməlləri ilə xatırlanan insanlardandır Cavid Həmişəyev. O, xoş xasiyyəti ilə həm xəstələrinin, həm də çalışdığı kollektivin rəğbətini qazanmışdı. Tam mənası ilə sənətini sevən, sənətinin ustadı olan, ən vacibi-çoxlarında olmayan yaxşı insani keyfiyyətlərə malik idi. O, hər zaman xəstələrinə əlindən gələn mənəvi dəstəyi verməyə çalışıb. Mərasimdə vurğulanıb ki, sənətinin mahir bilicisi olan və təəssüf ki, artıq 2 ildir aramızda olmayan Cavid həkim həmişə yaxşı əməlləri ilə xatırlanacaq. Mərhumun oğlu, məktəbli İlkin Həmişəyev çıxış edərək atasının xatirəsini əziz tutan hər kəsə minnətdarlığını bildirib. Anım mərasiminin sonunda Cavid Həmişəyevə həsr olunmuş "Sən Həmişə(yev) bizimləsən” adlı qısa film nümyiş olunub.
Qeyd edək ki, Cavid Həmişəyev 1977-ci ildə Bakı şəhərində anadan olub. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsində təhsil alıb. 1999-cu ildə M.Topçubaşov adına ETKTU-də cərrahi xəstəliklər üzrə həkim-internatura və kliniki ordinator kimi işə başlayıb. 2002-ci ildə Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetinə göndərilib və 2007-ci ilə kimi bu universitetin kardiologiya kafedrasında intervent-kardioloq kimi fəaliyyət göstərib. 2008-ci ildə Azərbaycana gələn C.Həmişəyev Mərkəzi Klinikanın Ürək Mərkəzində intervent-kardiologiya mütəxəssisi kimi həkimlik fəaliyyətini davam etdirib. 12 il burada işlədikdən sonra 2011-ci ildə Azərbaycan Tibb universitetinin tədris-terapevtik klinikasına göndərilib. İki ildən artıq idi ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Angioqrafiya şöbəsinin müdiri işləyirdi. Cavid həkim Respublikamızda və xaricdə çap olunmuş bir çox elmi məqalələrin müəllifi idi. Cəmi 36 il ömür yaşamasına baxmayaraq, onun Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilir.