Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıqlar aşkarlanıb.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, ARB 24 və REAL TV kanalları istisna olmaqla ümumölkə televiziya yayımçıları tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə əməl edilməməsi diqqəti cəlb edir.
12 ümumölkə televiziya kanalından 8-nin (AZTV, İTV, ARB 24, REAL TV, LİDER TV, MƏDƏNİYYƏT TV, İDMAN TV, CBC SPORT TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil etmişdir. Digər 4 kanalın (ATV, XƏZƏR TV, ARB və SPACE TV) efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılmışdır.
İl ərzində ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına da yol verilmişdir. Yayımçılar əsasən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin (reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) və s.-nin müddəalarını pozublar.