“Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” tvinninq layihəsinin idarəedici komitəsinin onlayn formatda 2-ci iclası keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən baki-xeber.com-a bildirilib ki, iclasda Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi və Layihənin rəhbəri Anar Süleymanov və İtaliya tərəfindən layihə rəhbəri Giovanni Piccirillo açılış nitqi ilə çıxış edib.
Daha sonra rezident tvinninq məsləhətçisi, İtaliya Gömrük və İnhisar Agentliyinin nümayəndəsi Antonio Lo Parco layihənin 2-ci rübünü əhatə edən 2020-ci ilin sentyabr -dekabr ayları ərzində həyata keçirilmiş fəaliyyətlər üzrə təqdimatla çıxış edib.
Görüşdə layihənin icrası üzrə 2-ci rüblük hesabatlar, üçüncü rübdə həyata keçiriləcək tədbirlərlə əlaqədar iş planı müzakirə edilmiş və təsdiq olunub.
İclasda, həmçinin, hər iki ölkədən olan Layihə icra qrupunun üzvləri, Aİ-nin Azərbaycan üzrə Nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak edib.