Bakı sakinləri “MilliÖn” terminallarının işləməməsindən narazıdırlar. Şikayətin əsas məğzi isə ondan ibarətdir ki, qeyd olunan aparatlar camaatın pulunu götürür, amma karta yükləmir.
Problem nəticəsində insanların pulları hədər gedir. Məbləğ isə ödənişə görə dəyişir. Bəzi vətəndaşların 1, bəzilərinin isə 100 manatı aparatda qalır. Çek vasitəsilə rəhbərliyə müraciət olunaraq pulun bərpa edilməsinin mümkünlüyü söylənir. Lakin bununla da hər zaman problemin həllinə nail olunmur.
“…bəzən aparatın kağız ehtiyatı olmur, qəbz də vermir”
Məsələ ilə bağlı fikir bildirən hüquqşünas İlqar Həsənovun sözlərinə görə, vətəndaşlar üzləşdikləri problemlə bağlı məhkəməyə müraciət edə bilərlər. Lakin bunun üçün əllərində sübut olmalıdır: “İnsanlar istənilən xidmət göstərən şirkət barəsində məhkəmədə iddia qaldıra bilərlər. Lakin sübut etmək lazımdır. Əldə bunu hansısa formada təsdiq edən sübutlar olmalıdır. Yaxud da prosesin şahidi deməlidir ki, həqiqətən də aparat şəxsin, məsələn, 10 manatını “yeyib”. Bu kimi hallarda sübut məsələsində bir qədər çətinlik yaşanır. İnsanlar prosesi videoya da çəkib, məhkəməyə təqdim edə bilərlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, xidmətdən istifadə edən istehlakçılar qəbzi mütləq götürməlidirlər. Bəzən aparatın kağız ehtiyatı olmur, qəbz də vermir: “Problem də bundadır. Qəbzi götürməyən istehlakçılar da var. Bəzi aparatlarda isə kağız rulonu ya qəsdən, ya da başqa səbəbdən dəyişdirilmir. Bunun özü də bir pozuntudur. Onu da əlavə edim ki, şikayətçilərin *0010 çağrı mərkəzinə etdikləri şikayət xarakterli zənglərə operatorlar da həmişə məsuliyyətdən yayınmaqla cavab verməyə çalışırlar. Deyirlər ki, guya bu aparatların işləməməsi səbəblərinin araşdırılması onların qurumunun səlahiyyətində deyil. Beləcə, onlar həmin qurğulara nəzarətin başqa şirkətlər tərəfindən aparıldığını deməklə, şikayətçiləri çaşdırmağa çalışırlar”.
Günel CƏLİLOVA