Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında" Fərmana əsasən, Fonda müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydası müəyyənləşib.
Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 1 gün ərzində 1,5 milyon manat vəsait ianə edilib. Bir gün ərzində Fonda 1,5 milyon manatın ianə edilməsi sevindiricidir.
Ümumiyyətlə, “YAŞAT” şəhid ailələri və döyüşlərdə əlillik dərəcəsi almış əsgər və zabitlərimizin gələcəkdə sosial müdafiəsinin gücləndirilməsi, onların ailə üzvlərinin təhsil haqqının ödənilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərinin həllinə istiqamətlənən bir fonddur.
Danılmaz faktdır ki, Qarabağ müharibəsində də şəhid və qazi ailələrinə diqqət, qayğı göstərilməsi Azərbaycan dövlətinin prioritet sahələrindən olub.
“Bu Fondun yaradılması ilə şəhid ailələrinə, qazilərə göstərilən qayğını, diqqəti hiss edəndə…”
Millət vəkili Tahir Rzayev bildirdi ki, bu günədək Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib: “Şəhidlərimiz, qazilərimiz bizim üçün əzizdir. Hər birimiz onların qayğısını çəkməli, diqqətlə yanaşmalıyıq. Ölkə rəhbəri də bunu daim vətəndaşlarımıza tövsiyə edir və özünün fəaliyyəti ilə bu nümunəni göstərir. Əlbəttə ki, “YAŞAT” Fondunun yaradılması alqışlanmalıdır. Azərbaycan Ordusu, Azərbaycan əsgəri Vətən müharibəsində özünün qətiyyətli sözünü dedi və çox böyük şücaət göstərərək işğal olunmuş ərazilərimizi azğın düşməndən azad etdi. Bu böyük bir tarixdir. Azərbaycan əsgərinin, zabitinin göstərdiyi şücaətlər tarixi yaddaşdır və bu, Azərbaycanın hərb tarixinə yazılan unudulmaz səhifələrdir. Bunu tək biz demirik. Bunu dünyanın nüfuzlu hərbi mütəxəssisləri, siyasətçiləri də bildirirlər. Ona görə də “YAŞAT” Fondunun yaradılması həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, həm də şəhid ailələrinin təminatına hərtərəfli dəstək verilməsi baxımından vacibdir. 1 gün ərzində Fonda 1,5 milyon manat vəsaitin köçürülməsi gözlənilən idi. Fonda köçürüləcək vəsaitin həcmi qarşıdakı günlərdə daha da artacaq.
Bu Fondun yaradılması həm də cəmiyyətə vacib bir mesaj verir. Belə ki, şəhid ailələrinə, qazilərə göstərilən qayğını, diqqəti hiss edəndə vətəndaşlarımızın Vətənə, xalqa bağlılığı daha da yüksələcək, insanlarımızda vətənpərvərlik duyğuları daha da artacaq. Biz bu duyğuları 44 günlük Vətən müharibəsində mübarizə aparan oğullarımızda ən yüksək səviyyədə gördük və bununla da fəxr edirik”.
Günel CƏLİLOVA