Karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarəti gücləndiriblər.
DİN-in Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, noyabrın 30-dan dekabrın 6-dək keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub.
Qeyd edək ki, bu müddətdə ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarxili qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımanı yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir. Standartlara cavab verməyən taksilərin sürücüləri qanuna müvafiq şəkildə cəzalandırılırlar.
“Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə taksilərdə şəffaf arakəsmənin quraşdırılması vacibdir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, koronavirus pandemiyası ilə əlaqədar sərnişindaşıma üçün müəyyən edilmiş qaydalara əməl etmək hər bir sərnişinin və sürücünün borcudur.
Həmsöhbətimiz hesab edir ki, sərnişindaşıma sahəsində nəzarətin aparılması vacibdir. Amma ekspert deyir ki, təkcə aidiyyəti qurumların nəzarəti heç nəyi dəyişməyəcək: "İctimai nəqliyyatdan istifadə edən sərnişinlər pandemiya dövründə tələblərə əməl etməlidirlər. Amma bu gün paytaxtda bütün avtobuslara, taksilərə polisin nəzarət etməsi mümkün deyil. Düşünürəm ki, insanlar özləri məsuliyyətli davranmalıdırlar. Avtobusda maskadan istifadə etmək, sosial məsafə saxlamaq kimi qaydalara hər gün əməl edilib-edilmədiyinə gündəlik olaraq polisin nəzarət etmək imkanı yoxdur. Hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməlidir. Əks halda, ictimai nəqliyyatda koronavirusla bağlı qoyulmuş qaydalara əməl edilməsinə nəzarət çətin olacaq".
M.Əliyev onu da vurğuladı ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə taksilərdə şəffaf arakəsmənin quraşdırılması vacibdir. Bu qaydaya əməl etməyənlər mütləq şəkildə cəzalandırılmalıdırlar.
Günel CƏLİLOVA