Şanlı qələbəmizlə başa çatan Vətən müharibəsi nəticəsində minlərlə şəhid və qazimiz oldu. Əlbəttə ki, onların hər biri və ailələri ən yüksək diqqət və qayğıya layiqdirlər. Məlum olduğu kimi, artıq şəhid ailələri və qazilərimizin sosial təminatı ilə bağlı bəzi addımların atılmasına, təqaüdlər, sosial müavinətlər və s. təyin edilməsinə dair qərarlar verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.
Bununla yanaşı, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" Fərman imzalayıb. Yəqin ki, şəhid ailələri və qazilərimizin layiqli həyat şəraitinin təminatı üçün digər müvafiq tədbirlər də görüləcək.
Son zamanlar şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi istiqamətində çoxlu sayda layihə həyata keçirilir və keçiriləcək.
“…20 birbaşa dövlət dəstəyi və təşviqedici dəstək nəzərdə tutulan proqram həyata keçirilir”
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, hazırda Azərbaycanda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 birbaşa dövlət dəstəyi və təşviqedici dəstək nəzərdə tutulan proqram həyata keçirilir.
Millət vəkilinin sözlərinə görə, müharibə əlilləri üçün 12 dövlət proqramı mövcuddur və onların bir qismi birbaşa dəstək, digər bir qismi isə xüsusilə pulsuz səhiyyə xidmətləri də daxil olmaqla təşviqedici, stimullaşdırıcı tədbirlərdir: “Hazırda dövlət üçün əsas məsələ şəhid ailələri, eləcə də müharibə əlillərinin sosial təminatının gücləndirilməsidir. Təbii ki, növbəti dövrlərdə bu proses daha da prioritet təşkil edəcək. Ölkə Prezidenti həmin vətəndaşlarımızın işlə təmin olunmasını əsas sosial vəzifə olaraq müəyyənləşdirib. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də İkinci Qarabağ müharibəsinin şahidi olan şəhid ailələrinin üzvlərinin, həmçinin, müharibə əlillərinin 500 nəfərini artıq işlə təmin edib və onları sosial proqramlara cəlb edib”.
Günel CƏLİLOVA