“Vətəndaşlar tərəfindən maskaların taxılması və sosial məsafə qaydalarına əməl edilməlidir. Ölüm hallarının baş verməsi hər birimizi narahat edir”. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 8-də keçirilən brifinqində deyib.
O qeyd edib ki, bəzən koronavirusa yoluxmuş şəxslərin küçələrdə gəzməsi halları baş verir: “Bilərəkdən bunun həyata keçirilməsi digər insanların həyatını təhlükədə qoymaq deməkdir. 2020-ci ildə yaşayış yerini tərk edən koronavirus xəstələri barədə 266 cinayət işi açılıb. Həmin işlərdən 7-nə xitam verilib, 1-nin icraatı dayandırılıb, 23-nün isə istintaqı tamamlanaraq məhkəməyə göndərilib”.
Qeyd etdiyimiz kimi, bu günə kimi 266 koronavirus xəstəsi icazəsiz evdən çölə çıxdığı üçün onlar qanunvericiliyin tələbinə əsasən cəzalandırılıblar. Qanuna məhəl qoymayan koronavirus xəstələrinin cəzalandırılması, onlara cinayət işinin açılması digər virus daşıyıcılarının məsuliyyətli olmasına səbəb ola bilərmi?
“Ev şəraitində təcridetmə qaydalarının pozulmasına görə həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə inzibati məsuliyyət daşıyırlar”
Məsələyə münasibət bildirən hüquqşünas Zaur Əliyev qeyd etdi ki, ev şəraitində təcridetmə qaydalarının pozulmasına görə həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə inzibati məsuliyyət daşıyırlar: “Bu isə o deməkdir ki, həmin şəxsləri 200 manatdan 400 manatadək cərimə gözləyir. Ancaq qanunda daha ağır hallar üzrə maddələr də nəzərdə tutulub. Cinayət Məcəlləsinin 139-1. maddəsində göstərilir ki, sanitar-epidemioloji qaydaları pozaraq ictimaiyyət arasına çıxmaq, yoluxma risqini artırmaq birbaşa cinayət məsuliyyəti yaradır. Bununla bağlı 2500 manatdan 5000 manatdək cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma bu hallar ağır nəticələrə səbəb olarsa, ölüm halları baş verərsə, bu zaman həmin şəxsləri 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər”.
Hüquqşünasın sözlərinə görə, bu kimi hüquqi qərarları da nəzərə alaraq, bir daha koronavirus xəstələrindən qaydalara riayət etmək və digər şəxsləri təhlükəyə atmamaq tələb olunur.
Günel CƏLİLOVA