Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən, ölənlərin sayı isə 40-dan çoxdur.
Virusa yoluxmanın qarşısını almaq üçün ölkədə sərt karantin rejimi yenidən tətbiq edilir. Məlumdur ki, dekabrın 14-dən etibarən ölkə ərazisində koronavirusla əlaqədar karantin qaydaları sərtləşdirilir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb, yanvarın 18-dək isə sərt karantin rejimi tətbiq edilir.
Mütəxəssislər hesab edirlər ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma sayının azalmasına səbəb olacaq.
“Karantin rejiminin sərtləşdirilməsi labüd idi”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, hazırkı şəraitdə sərtləşdirmə lazım idi, çünki bundan öncəki qərarlar effektiv olmuşdu: “İqtisadiyyatın buna nə qədər yol verəcəyini və insanların psixoloji durumuna necə təsir edəcəyi ilə bağlı fikir bildirmək isə çətindir. Nəzərə almaq lazımdır ki, koronavirus qlobal məsələdir və bütün dövlətlər bundan əziyyət çəkirlər. Azərbaycanda görülən tədbirləri humanist və qənaətbəxş adlandırmaq olar. Bu səbəbdən də karantin rejiminin sərtləşdirilməsi labüd idi. Belə olarsa, insanlar vacib olmadan evdən bayıra çıxmazlar və bu da yoluxma sayına təsir edəcək. Bu gün yoluxmaların sayının azalmasına ehtiyac var. Xəstəxanalarda yer yoxdur, həkimlər fiziki baxımdan da əziyyət çəkirlər. Həkimlərə dəstək olmaq məqsədilə insanlar sadə davranış qaydalarına riayət etməlidirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dünyada yaxın günlərdə vaksinasiya prosesi başlayacaq. Azərbaycanda da bunu tətbiq etsələr, yoluxmanın sayı xeyli aşağı düşər. Artıq vaksin almağın zamanı çatıb: “Koronavirusa yoluxanlar da diqqətli olsunlar. 6 ay sonra immunitet olmur və təkrar yoluxma mümkündür. Sosial məsafə saxlamaq, maska taxmaq və digər karantin qaydalarına əməl etmək, hələ ki, ölkəmizdə tək çıxış yoludur və buna əməl edilməlidir".
Günel CƏLİLOVA