Pandemiya başlayandan indiyə kimi “WhatsApp”da, “Facebook”da, “Instagram”da koronavirusu “müalicə edən” dərmanların resepti yayılır, xüsusi videoçarxlar, səsyazıları yayılmaqdadır. Koronavirus xəstələrinin də bir qismi kor-koranə şəkildə həkimlə məsləhətləşmədən həmin “resept”lərdə qeyd edilən dərmanları alaraq istifadə edir, nəticədə isə xəstəliyi daha da ağırlaşır, çox pis vəziyyətdə xəstəxanaya yerləşdirilir. Bəzi mütəxəssislər qeyd edirlər ki, bu cür dərmanların qəbulu xəstələr arasında ölüm risqini artırır.
Baxmayaraq ki, dəfələrlə həkimlər koronavirus xəstələrinə mütəxəssislərlə məsləhətləşmədən özbaşına dərman alıb qəbul etməməyi tövsiyə ediblər. Amma buna baxmayaraq, nə “WhatsApp”a “müalicə reseptləri” atanlar öz fəaliyyətini dayandırıb, nə də xəstələr o dərmanları almaqdan imtina edib.
Onu da qeyd edək ki, artıq bu məsələyə TƏBİB də münasibət bildirib. Məlum olduğu kimi, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, əhali arasında "WhatsApp" və digər sosial şəbəkə vasitəsilə çox sayda resept dolaşır. Onun sözlərinə görə, vitamin preparatları, bəzi qan durulaşdırıcı dərmanları qəbul etmək olar: “Lakin bəzi xəstələr qan durulaşdırıcı dərmanları həkim məsləhəti ilə qəbul etməlidirlər. Heç bir halda deksametazonu, antibiotik və antiviral dərmanları qəbul etmək olmaz”.
“...sosial şəbəkədə mənbəyi məlum olmayan məlumatlara istinad edərək dərman alıb qəbul etməsinlər”
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ilə bağlı həddən artıq dezinformasiya istehsal edilərək sosial şəbəkələrdə yayılıb: “Ümumiyyətlə, COVID-19 virusu ölkəmizdə ilkin olaraq aşkar edildikdən bəri dezinformasiyalar həddən artıq çox istehsal edilib, geniş şəkildə sosial şəbəkələrdə yayılmağa başlayıb. Pandemiya ətrafında artıq miflər formalaşıb. Yanlış məlumatlar insanları o dərəcədə qorxudur ki, onlar psixoloji zərbə alırlar. Hər koronavirusa yoluxan insan öləcəyi barədə düşünür, bu qorxular da insanları yanlış addımlar atmağa, hər müalicə təklif edən şəxsə, hər reseptə inanmağa sövq edir. Buna bir nümunə Türkiyədə yaşanmışdı, bir qrup şəxs koronavirusdan qorunmaq məqsədilə saxta spirtli içki qəbul edərək dünyasını dəyişmişdi. Yanlış müalicənin isə fəsadları daha ağır ola bilər. Bu gün insanlar mütəxəssisə müraciət etmədən özbaşına vitaminlər qəbul edirlər. Axı bunun da bir həddi var. Orqanizmdə vitamin artıqlığı yaranarsa, bu, ciddi narahatlıqdır, xəstəlik səbəbidir”. Mütəxəssisin sözlərinə görə, dezinformasiyalarda D vitamini məsləhət görülür, ancaq insanlar bilməlidirlər ki, D vitamininə görə analiz edilib, nəticəyə uyğun olaraq doza təyin edilməlidir: “Digər bir məsələ antibiotiklərin özbaşına istifadəsi ilə əlaqədardır. Antibiotiklər düzgün qəbul edilməsə, dərmanlara davamlılıq yaradır, bir gün COVID-19 virusuna yoluxma bitəcək, ancaq insanlar bunun mənfi nəticələrini bundan sonra da yaşayacaqlar.
Tövsiyə edərdim ki, kimsə simptom hiss edirsə, müayinə olunsun və ona adekvat müalicə təyin edilsin. İnsanlar həkim rəyi olmadan heç bir sosial şəbəkədə mənbəyi məlum olmayan məlumatlara istinad edərək dərman alıb qəbul etməsinlər. Yanaşı, xroniki xəstəlikləri olan insanların müalicəsinə isə fərdi yanaşma tələb olunur”.
İradə SARIYEVA